27
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” kiçik su-elektrik stansiyasının açılış mərasimində iştirak etmişdir. Mərasim zamanı dövlətimizin başçısı “Meydan” kiçik su-elektrik stansiyasını işə salmışdır.
Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su-elektrik stansiyası “AzərEnerji” ASC tərəfindən tam yenidən qurulmuşdur. Burada yeni maşın zalı tikilmiş, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılmışdır. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulmuşdur. “Meydan” su-elektrik stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulmuşdur. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılmışdır. Yenidən qurulan “Meydan” kiçik su-elektrik stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır.