17
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında aparılacaq işlərlə tanış olmuş və parkda ağac əkmişdirlər.
Burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaqdır. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcəkdir. Sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaqdır. Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaqdır. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılmışdır.