10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” kiçik su-elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edərək stansiyaları işə salmışdır.
“Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcəkdir.
Stansiyaların enerjisistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilmiş, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilmişdir. Yeni optik kabel xətti çəkilməklə stansiyalar ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilmişdir. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilmişdir. Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaqdır.