YANVAR – İYUN, 2023

28

May

Laçın şəhərinin Baş planı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mayın 28-də Laçın şəhərinin Baş planı təqdim edilmişdir.

Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsveçrənin “SA Partners” şirkətinin – iştirakı ilə hazırlanmışdır. Baş plan Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış ərazilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılmışdır. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılmışdır.

Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcəkdir. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilmişdir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi memorial park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaqdır.