YANVAR – İYUN, 2024

12

Mart

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmişdirlər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşmüşdürlər. Görüşdən sonra dövlət başçıları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdirlər. Xatirə şəkli çəkdirdikdən sonra prezidentlər Uşaq Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış olmuşdurlar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılmışdır. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılmışdır. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-videomontaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi vardır. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcəkdir. Layihəni “BI Group” şirkəti hazırlayaraq həyata keçirmişdir.