İYUL – DEKABR, 2021

4

Oktyabr

“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcəkdir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaqdır. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcəkdir. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.