İYUL – DEKABR, 2022

8

Noyabr

İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirakı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmişdirlər.

Hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etmişdir. Çıxışı zamanı Birinci Qarabağ Müharibəsinin nəticələrinə, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə, Birinci Qarabağ Müharibəsindən sonrakı mərhələdə aparılan danışıqlar prosesinə, diaspor quruculuğuna, İkinci Qarabağ Müharibəsinə gedən uğurlu yolda atılan addımlara və həyata keçirilən layihələrə, ordu quruculuğuna, Azərbaycanın igid əsgərlərinin səyi nəticəsində əldə edilən Qələbəyə toxunan Prezident İlham Əliyev Şuşanın azad edilməsi ilə Zəfər qazanan bütün Azərbaycan xalqının əzmi və iradəsini yüksək qiymətləndirmiş və bildirmişdir: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaqdır. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəkdirlər”.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir: “Dediyim bütün bu sözlərin bir mənbəyi var – həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm!”