İYUL – DEKABR, 2022

24

Dekabr

İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. Görüşdə nitq söyləyən dövlətimizin başçısı ilk öncə Qərbi Azərbaycan İcmasının yerləşdiyi binanın mənəvi dəyərindən söz açmış və bildirmişdir ki, İcmanın burada yerləşməsinin əsas mənəvi səbəblərindən biri odur ki, vaxtilə bu binada yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır və gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu bildirən Prezident İlham Əliyev bu torpaqların əzəli sakinləri olan soydaşlarımıza qarşı müasir tarixin müxtəlif mərhələlərində aparılmış deportasiya və etnik təmizləmə siyasətinə və bu tarixi ərazilərimizdə yerləşən tarixi və mədəni irsimizə qarşı törədilən vandalizm siyasətinə toxunmuş, bu tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasının önəmini vurğulamışdır. Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin hamımız üçün çox önəmli olduğunu qeyd edən dövlətimizin başçısı həm yerli səviyyədə, həm də beynəlxalq müstəvidə bu işin məqsədyönlü şəkildə bir neçə istiqamət üzrə aparılmalı olduğunun vacibliyinə toxunmuşdur.

Prezident İlham Əliyev bildirmişdir ki, bu istiqamətdə sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməli, Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar təşkil etməli, xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalı, Qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsi və onların öz doğma torpaqlarına qayıtmaları üçün beynəlxalq hüquqşünaslar cəlb edilməli, eyni zamanda bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Bu mövzunun beynəlxalq gündəlikdən çıxmamasını təmin etmək üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edərək ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir.

Dövlətimizin başçısı qeyd etmişdir ki, bütün bunlara paralel olaraq beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürərək, bunun əsasında öz hüququmuzu tələb etməli və beynəlxalq norma və prinsiplərə əsaslanan və sülh kontekstli Qərbi Azərbaycana Qayıdış Konsepsiyası işlənməli və bu istiqamətdə fəaliyyət göstərən bütün informasiya resursları – qəzetlər, informasiya portalları, ictimai birliklər, rəqəmsal platforma və sair bir yerə yığılmalı və məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır.

Tədbirin sonunda çıxış edən Qərbi Azərbaycan İcmasının nümayəndələri tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq üçün yaratdığı hərtərəfli şəraitə görə dövlətimiz başçısına təşəkkürlərini bildirmişdirlər.