İYUL – DEKABR, 2022

25

Noyabr

İlham Əliyevin Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakı

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilmişdir. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer almışdırlar.

Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı ilk öncə qonaqlara, beynəlxalq ekspertlərə konfransda iştiraklarına görə təşəkkür etmiş, belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə xüsusi təşəkkürünü bildirmişdir. Daha sonra Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizində oynadığı mühüm coğrafi mövqeyinə toxunmuş və bu günə qədər dünyadakı qlobal layihələrdə oynadığı rolun əhəmiyyətindən söz salmışdır.

Sonra Prezident İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırmışdır.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunmuşdur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.