İYUL – DEKABR, 2022

28

Noyabr

İlham Əliyevin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul etməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul etmişdir.

Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırmışdır. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirmiş, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etmişdir.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılmışdır. ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilmişdir.