25
Aprel
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxmış və şəhərin Baş planı ilə tanış olmuşdurlar. Əvvəlcə ali qonağa işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verilmişdir. İnşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqlarının olduğu kimi qorunub saxlanılacağı və kompleksdə İşğal və Zəfər muzeylərinin yaradılacağı qeyd edilmişdir.
Dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilmişdir. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaqdır. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaqdır. Baş plana əsasən təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaqdır. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaqdır.