17
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olmuşdurlar. Prezident İlham Əliyev “Ağıllı kənd”in təməlini qoymuşdur. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulmuşdur. Burada, məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaqdır. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaqdır.
Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaqdır. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq tarlada 20 daimi iş yeri yaradılacaqdır.
Kənddə biznes layihələri də icra olunacaqdır. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaqdır. Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması nəzərdə tutulmuşdur. Burada quşçuluq təsərrüfatı yaradılacaq və ilkin mərhələdə 85 daimi iş yeri olacaqdır. Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulmuşdur.