İYUL – DEKABR, 2021

4

Oktyabr

Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını etmişdir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraşdırılmışdır. Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilmişdir.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataqxanası, xidməti otaqlar, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanılması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətləndirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılmışdır. İdman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaqları üçün futbol və voleybol meydançaları, ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.