YANVAR – İYUN, 2022

26

İyun

“Çıraq-1” Kiçik Su Elektrik Stansiyasındakı tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasındakı tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

“Yaşıl enerji” strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcəkdir. Stansiyaların enerji sisteminə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsinin görüldüyü bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcəkdir.

Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaqdır.