6
Aprel
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər etmişdir. Səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olmuşdur.
Görüşdə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirmiş və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulamışdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Azərbaycan və Ermənistan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etmişdir. Tərəflər Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etmişdirlər.