YANVAR – İYUN, 2024

26

Aprel

Berlində ikitərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olmuşdur. Görüş zamanı Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulamışdır.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini qeyd edərək bu görüş çərçivəsində aparılmış müzakirələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verdiyini bildirmişdir. Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğulamış, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu demişdir. Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu vurğulamışdır.