İYUL – DEKABR, 2022

4

Oktyabr

Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.

Yolun texniki göstəriciləri və görülən işlər barədə dövlətimizin başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirmişdir ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanmışdır. Layihə üzrə torpaq işləri başa çatdırılmış, ümumi iş həcminin 75 faizi icra olunmuşdur.