17
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada birinci yaşayış kompleksində olmuşdurlar. Ali qonaq kompleksdə və mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur.
23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulmuşdur. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə birinci yaşayış kompleksinin açılışı olmuşdur. Artıq yaşayış kompleksinə köç qrafikinə əsasən 58 ailə olmaqla 224 nəfər köçürülmüşdür. Daha sonra avtobusla şəhəri gəzən Belarus Prezidentinə Şuşada görülən işlər barədə məlumat verilmişdir.