YANVAR – İYUN, 2022

13

Fevral

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olmuşdurlar.

Ağdam şəhərində yerləşən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı ən son innovativ texnologiyalar əsasında tikilmişdir. Bir hektar sahəni əhatə edən qərargahın ərazisində əsasən 6 komponent nəzərə alınmışdır. Bunlar yaşayış, inzibati, sağlamlıq, iaşə, müasir düşərgə idarəetmə sistemi və alternativ enerji sahələridir.

Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksəkkeyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunmuşdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılmış, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilmişdir.

Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılmış və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilmişdir. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilmişdir. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılmışdır.

İnzibati ərazinin tam mərkəzində Bayraq Meydanı tikilmişdir. Meydanın ətrafı abadlaşdırılmış, günəş enerjisi ilə qidalanan işıq dirəkləri quraşdırılmışdır.