İYUL – DEKABR, 2022

31

Oktyabr

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin oktyabrın 31-də Soçidə Bəyanat imzalamışdırlar.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 31-də Soçi şəhərində görüşmüş və 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli Bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə etmişdirlər. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq etmiş, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmışdırlar.

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğulamış, güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlmişdirlər.

Tərəflər regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayaraq mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşmış, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyini vurğulamışdırlar.