İYUL – DEKABR, 2022

5

Oktyabr

Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə oktyabrın 5-də Ağdamda ““Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişdirlər. 40-dan çöx ölkənin nümayəndəsinin iştirak etdiyi Forumda çıxış edən Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif və digər qonaqları salamlayaraq, Azərbaycan Milli Şəhərsalma Forumunun bir zamanlar Ağdam şəhərinin yerləşdiyi məkanda təşkil edildiyindən şad olduğunu bildirmişdir. Bir zamanlar həyat dolu olan Ağdam şəhərindən heç nə qalmadığını, işğal dövründə tamamilə dağıdıldığını qeyd edən ölkəmizin başçısı, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlif ölkələrdən olan qonaqlara dərin minnətdarlığını bildirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Ağdam Birinci Qarabağ müharibəsi dövründə deyil, sonradan – 30 il işğal dövründə daşları bir-bir sökülməklə dağıdılmış, bütün binalar viran qoyulmuş və sökülmüş, daşlar oğurlanmış və satılmışdır. Ağdamda yarıdağılmış yeganə tikilinin Cümə məscidinin binası olduğunu vurğulayan  dövlətimizin başçısı qonaqlara Ağdamda gördüklərini Qarabağın digər ərazilərində, hər bir kənddə görə biləcəklərini bildirmişdir.

Bu gün yeni çağırışlarla üzləşdiyimizi vurğulayan Prezident İlham Əliyev, bunların xoş çağırışlar olduğunu – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması ilə bağlı çağırışlar olduğunu qeyd etmişdir.

Bu ilin mayında Zəngilanda ilk kənd qurulduğunu və ilk məcburi köçkünlərin artıq qayıtdıqlarını, bu ilin sentyabrında Zəngilanda məktəb açıldığını bildirən dövlətimizin başçısı bildirmişdir ki, işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələri icra olunur. Həmçinin Prezident İlham Əliyev çıxışı zamanı demişdir: “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilmişdir. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcəkdir. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaqdır. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq. Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaqdır. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaqdır.”

Artıq bütün şəhərlərin Baş planlarının aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanmış və təsdiqlənmiş olduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır: “Beləliklə, biz artıq burada – Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaqdır. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq.”

Sonra BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edərək Prezident İlham Əliyevi və qonaqları salamlamış, Ağdamda keçirilən birinci Azərbaycan Milli Şəhərsalma Forumuna dəvət edildiyinə görə çox məmnun olduğunu bildirmiş, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərdiyi əzmə və fədakarlığa görə dövlətimizin başçısını təbrik etmişdir. Daha sonra Forum işini sessiyalarla davam etdirmişdir.