YANVAR – İYUN, 2023

25

Mart

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Prezident İlham Əliyev arasında telefon danışığı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı əsnasında Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlamış, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunmuşdur. Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirmişdir. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın–Xankəndi yolu ətrafındakı məsələlərinə toxunmuş və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə etmişdir.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulamışdır. Laçın–Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan ölkə başçısı qeyd etmişdir ki, bu yolun  bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçmişdirlər. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirmişdir.