İYUL – DEKABR, 2021

7

Noyabr

Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olmuşdurlar.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılmış, bərpa layihəsi işlənilmişdir. Hər üç məscidin bərpa işləri “Paşa Holdinq”in maliyyə dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsi artıq başa çatmışdır. Məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə bərpa ediləcəkdir. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaqdır. Məscidlərin minarələri bərpa olunacaq, dam və döşəmə örtükləri dəyişdiriləcəkdir.