YANVAR – İYUN, 2024

25

Aprel

Ağdamda Şahbulaq qalasını ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olmuşdurlar.

XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751–1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilmişdir. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olmuşdur. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olmuşdur. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışmış, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim etmişdilər.

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılmış, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilmişdir. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, hotel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılmışdır.