YANVAR – İYUN, 2022

13

Fevral

Ağdam Sənaye Parkında təməlqoyma mərasimləri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı hər iki müəssisənin təməlini qoymuşdur.

Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilmişdir.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınmışdır. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcəkdir. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaqdır. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulmuşdur. Təməli qoyulan digər resident – “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcəkdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcəkdir. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaqdır. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulmuşdur.