4
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoymuşdur.
Dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirmişdir ki, 4 zolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. Şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaqdır. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur.