YANVAR – İYUN, 2021

28

May

Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoymuşdur.

Bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əsası 1883-cü ildə Əsgər bəy Eyvazov tərəfindən qoyulan Ağdam şəhər 1 saylı məktəbi müxtəlif yerlərdə fəaliyyət göstərmiş və 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlmiş və 1949-cu ilə kimi burada qalmışdır.

1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmış məktəb ikimərtəbəli bina olmuşdur. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır.

Məktəb 960 nəfər şagird üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, məktəbdə 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaqdır. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.