YANVAR – İYUN, 2022

13

Fevral

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev xəstəxananın təməlini qoymuşdur.

6 hektardan çox ərazidə inşa olunacaq tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcəkdir. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaqdır. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaqdır. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcəkdir.