YANVAR – İYUN, 2024

20

İyun

ABŞ Dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyev arasında telefon danışığı

İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir.

Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-nin iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulamış və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət etmişdir.

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulamışdır. ABŞ-nin sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd etmişdir.

Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə etmişdir.